Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Türkiyə dövlət başçısının Administrasiyası məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan yeni dövrdə Türkiyə ilə ABŞ arasında müttəfiqlik əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə edib. O, ABŞ prezidentinin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atdığı qətiyyətli addımları dəstəkləyib və Türkiyənin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Ərdoğan həmçinin Suriyada sabitliyin bərpası üçün birgə səylərin vacibliyini qeyd edib və yeni hökumətin işinin sanksiyaların ləğvi ilə normallaşmasını önə çəkib. Bu, suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacaq.
Türkiyə lideri ABŞ-dan terrorla mübarizə sahəsində addımlar gözlədiyini bildirib və iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün CAATSA sanksiyalarının ləğvi, F-16-ların çatdırılması və Türkiyənin F-35 proqramına qaytarılmasının vacibliyini vurğulayıb.












































