Tacikistan ECO ölkələri ilə ticarət dövriyyəsini artırmaqda maraqlıdır
Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət əlaqələrini daha da gücləndirməyə çalışır. Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı bəyan edib.
Xankəndiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Emoməli Rəhmon bildirib ki, region ölkələri ilə ticari və iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
“Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun davamlı inkişafı üçün əsas şərtlərdən biridir,” – deyə prezident vurğulayıb.
Tacikistan Prezidenti əlavə edib ki, 2024-cü ildə ölkəsinin ümumi ticarət dövriyyəsində ECO-ya üzv ölkələrin payı 33 faiz təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 18 faiz artım deməkdir. Bu dinamika Tacikistanın regional iqtisadi inteqrasiyaya verdiyi önəmi və bu sahədə atdığı konkret addımları əks etdirir.
ECO ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, təkcə ticarət deyil, eyni zamanda enerji təhlükəsizliyi, sənaye istehsalı və aqrar sahənin inkişafı üçün də geniş imkanlar yaradır.
Tacikistanın bu təşəbbüsləri təşkilat daxilində əməkdaşlığın daha da dərinləşməsinə və regionda iqtisadi sabitliyin təmin olunmasına töhfə verə bilər.












































