İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda Qlıboçko Azərbaycan dövlətini sabit və dinamik inkişaf edən müstəqil ölkə kimi qiymətləndirib və ölkənin hüquqi vətəndaş cəmiyyətini möhkəmləndirmək istiqamətində atdığı addımları yüksək dəyərləndirib.
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm. Azərbaycan sabit, dinamik inkişaf edən müstəqil və bənzərsiz dövlətdir, zamanın çağırışlarına şərəflə cavab verir, öz vətəndaşlarının rifahı naminə hüquqi vətəndaş cəmiyyətini möhkəmləndirir”, – deyə təbrikdə bildirilir.
Seçenov Universitetinin Bakı filialı 10 illiyini qeyd edir
Təbrikdə qeyd olunub ki, Seçenov Universitetinin ilk xarici filialı məhz Bakıda fəaliyyətə başlayıb və bu il filialın 10 illik yubileyi qeyd olunur. Bu yubiley Azərbaycan və Rusiya arasında təhsil, elm və səhiyyə sahəsində strateji əməkdaşlığın simvolu kimi təqdim olunur.
Pyotr Qlıboçko bildirib ki, bu illər ərzində filial Azərbaycana gənc və ixtisaslı tibb mütəxəssisləri bəxş edib. Bu məzunlar hazırda Azərbaycan səhiyyəsinin inkişafına töhfə verir və ölkə vətəndaşlarının sağlamlığı üçün çalışırlar.
“Bu əməkdaşlığın ən qiymətli bəhrələrindən biri – hazırda Azərbaycan səhiyyəsini inkişaf etdirən gənc mütəxəssislərdir. Onlar ölkənin sakinlərinin sağlamlığı naminə fəaliyyət göstərirlər”, – o əlavə edib.
Azərbaycan-Rusiya dostluğu möhkəmlənir
Qlıboçko iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin ildən-ilə daha da güclənəcəyinə inandığını vurğulayıb. O, Prezident İlham Əliyevə və Azərbaycan xalqına dayanıqlı inkişaf, tərəqqi və sülh arzularını ifadə edib.












































