Azərbaycan və Macarıstan arasında gömrük sahəsində əməkdaşlıq sazişi imzalanacaq
Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının (NTCA) nümayəndə heyətinin 16–19 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.
Bu barədə “Report”a NTCA-nın gömrük və beynəlxalq məsələlər üzrə komissarının müavini, briqada generalı Kristof Peter Bakai məlumat verib.
Onun sözlərinə görə, hazırda saziş layihəsi üzərində iş aparılır:
“Bu sənəd qarşılıqlı fəaliyyətimizin institusionallaşdırılması istiqamətində mühüm addım olacaq və ikitərəfli dialoqun dərinləşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq. Saziş, milli qanunvericiliyin məhdudiyyət qoyduğu məlumatlar istisna olmaqla, bilik, təcrübə və elmi-texniki məlumatların mübadiləsini nəzərdə tutur. Eyni zamanda hüquq-mühafizə və gömrük hüquqpozmalarına qarşı sistemli və şəffaf məlumat axını üçün şərait yaradacaq,” – deyə general bildirib.
Kristof Peter Bakai əlavə edib ki, NTCA nümayəndə heyəti iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Assambleyasında iştirak edəcək:
“Azərbaycan bu il IOTA-ya sədrlik edir və biz bu tədbiri dialoqu genişləndirmək, eləcə də gömrük orqanları ilə əməkdaşlığı gücləndirmək üçün əla fürsət hesab edirik. Səfərin əsas məqsədləri mövcud əməkdaşlığın nəticələrini qiymətləndirmək və gələcək üçün yol xəritəsini müəyyənləşdirməkdir.”
Bu sazişin imzalanması Azərbaycan və Macarıstan arasında gömrük, hüquq-mühafizə və iqtisadi sahələrdə strateji əməkdaşlığın daha da güclənəcəyinə zəmin yaradır.












































