ABŞ Azərbaycanın NATO ilə əməkdaşlığını dəstəkləyir
ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi rəsmi məlumat yayıb.
Bəyanatda bildirilib ki, ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara, Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüş keçirib. Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti, regional təhlükəsizlik, və Azərbaycanın NATO ilə əlaqələri müzakirə olunub.
Səfirlik həmçinin qeyd edib ki, Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakı Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirilir. ABŞ bu çərçivədə Azərbaycanın NATO ilə möhkəm tərəfdaşlıq münasibətlərini davam etdirməsini dəstəkləyir.
Bu bəyanat, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.












































