Moskvada MDB Beynəlxalq İqtisadi Forumu Keçirildi
Martın 28-də Moskvanın Ümumdünya Ticarət Mərkəzində MDB-yə üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu baş tutdu. Forumun əsas mövzusu “Böyük Avrasiya Tərəfdaşlığının inkişafına yeni təkan: Elmi, texnoloji və innovativ əməkdaşlıq” oldu.
Tədbirin plenar iclasında MDB Baş katibi Sergey Lebedev, MDB İqtisadi Şurasının sədri Hokim Xolikzoda, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk (video müraciət), ŞƏT baş katibinin müavini Sohail Xan və digər rəsmi şəxslər iştirak etdilər.
MDB Baş katibinin müavini Denis Trefilov forumun moderatoru olaraq, rəqəmsallaşma, süni intellekt və innovativ texnologiyaların Birlik ölkələrinin gələcəyini formalaşdıran əsas faktorlar olduğunu vurğuladı.
Forum çərçivəsində 12 tematik sessiya təşkil olunub. Burada biznes və hökumət arasında əməkdaşlıq, elmi-texniki tərəfdaşlıq, rəqəmsal inkişaf və iqtisadi inteqrasiyanın gücləndirilməsi kimi məsələlər müzakirə edildi.
MDB, Aİİ, ŞƏT və digər inteqrasiya birliklərinin rəhbərləri, eləcə də nazirliklər, elmi institutlar, biznes icmaları və bank sektorunun nümayəndələri tədbirdə iştirak ediblər.
Forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə “MDB-nin İqtisadi İnkişaf üzrə Biznes Mərkəzi” Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində biznes və elmə dövlət dəstəyi tədbirlərinin müzakirəsi, ticarət-iqtisadi əlaqələrin inkişafı və birgə innovasiya layihələrinin həyata keçirilməsidir.












































