Mişustin Qırğızıstanı Rusiya şirkətlərinə təzyiqləri dayandırmağa çağırıb

Mişustin Qırğızıstanı Rusiya şirkətlərinə təzyiqləri dayandırmağa çağırıb

Mixail Mişustin: Rusiya şirkətləri Qırğızıstanda inzibati təzyiqlərlə üzləşir

Rusiyanın Baş naziri Mixail Mişustin Qırğızıstan hökumətinin başçısı Adılbek Kasıməliyevlə Almatıda görüşü zamanı Rusiya şirkətlərinin Qırğızıstanda qeyri-qanuni hərəkətlər və inzibati təzyiqlərlə üzləşdiyini bildirib. O, Qırğızıstan hakimiyyətini sahibkarların hüquqlarının pozulmasına son qoymağa çağırıb.

Mişustin qeyd edib ki, yüksək vəzifəli Qırğızıstan rəsmilərindən “əsassız iddialar” alan bu şirkətlər ölkənin ən böyük vergi ödəyiciləri arasında yer alır və “hörmətli, vicdanlı” təşkilatlardır.

“Qırğızıstan rəhbərliyindən şirkətlərimizə qarşı inzibati təzyiqləri dayandırmağı və rusiyalı investorların hüquq və qanuni maraqlarının müdafiəsini təmin etməyi xahiş edirik”, – deyə Baş nazir vurğulayıb.

O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi bu məsələyə dair konkret faktları əks etdirən diplomatik notanı Qırğızıstan səfirliyinə göndərib.

Qırğızıstanın Baş naziri Adılbek Kasıməliyev isə məsələnin artıq müzakirə edildiyini qeyd edərək, Bişkekə döndükdən sonra dövlət orqanları ilə yenidən baxılacağını bildirib.

Mixail Mişustin yanvarın 29-da üç günlük səfər çərçivəsində Qazaxıstana gəlib.