“Mahir Emreli: ‘Azərbaycanlı Azarkeşlərin Ümidlərini Boş Çıxarmamağa Çalışıram'”
Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli, azərbaycanlı azarkeşlərin dəstəyindən və gələcək hədəflərindən danışıb. II Bundesliqada uğurları və çətinlikləri ilə bağlı açıqlamaları oxuyun.
Azərbaycan millisinin və Almaniyanın “Nürnberq” klubunun hücumçusu Mahir Emreli, klubun rəsmi televiziyasına verdiyi müsahibədə azarkeş dəstəyindən, oyun təcrübəsindən və şəxsi hədəflərindən danışıb.
27 yaşlı forvard, II Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlı azarkeşlərin çoxluq təşkil etdiyini vurğulayaraq, “Azərbaycanlıların mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni edirəm” sözlərini söyləyib.
Mahir Emreli, ötən turda “Fortuna” Düsseldorf ilə 2:2 hesablı heç-heçə ilə başa çatan oyun və növbəti “Elversberq” matçına hazırlıq barədə fikirlərini bildirib:
“Rəqibi təhlil edirik və matça yaxşı hazırlaşmağa çalışırıq. Gözəl stadionlar və fanatların dəstəyi bizi daha da motivasiya edir.”
Hücumçu, bu mövsüm 4 qol vurduğunu, lakin komanda uğurlarının onun üçün fərdi statistikalardan daha önəmli olduğunu qeyd edib.
Eyni zamanda, Mahir Emreli və komanda yoldaşı Stefanos Tsimasın qol sevinci zamanı məşhur futbolçu Kriştianu Ronaldunun hərəkətini təkrarlamalarına da münasibət bildirib:
“Ronaldu böyük oyunçudur, amma mən onun fanatı deyiləm. Stefanos isə onun azarkeşidir.”












































