Azərbaycanda “Türk ocağı” bərpa olundu

Azərbaycanda “Türk ocağı”  bərpa olundu

Bugün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər

Tədbirin aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib. Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında “Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib:

“Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. “Türk ocağı”nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bir il öncə türk əsgəri Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda möhtəşəm parad keçirdi. 100 il əvvəlki şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz birlikdə yürüş edərək bütün dünyaya “tək yumruq, tək güc” olduğumuzu göstərdilər. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm ki, səfirlik olaraq “Türk ocağı”nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq”.

Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan “Türk ocağı”nın başqanı seçilib.”Şərq” qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib. Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib. Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan “Türk ocağı”nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək.

İstinad : Milli.az