Ötən ilin yanvar-noyabr aylarında Türkiyə Azərbaycandan 10 445,02 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,64% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.
Birmillet.az saytı “APA-Economics”ə istinadən bildirir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, Türkiyə 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan 8 657,89 mln. kubmetr qaz idxal edib.
Məlumata əsasən, bu ilin noyabr ayında da Azərbaycan 1 064 mln. kubmetrlə (+23,3%) Türkiyənin qaz idxalında ikinci yer tutub.
Ötən ilin 11 ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Hesabat dövründə Rusiyadan Türkiyəyə 13 227,74 mln. kubmetr “mavi yanacaq” ixrac olunub. Noyabrda bu göstərici 2 435 mln. kubmetrə bərabər olub.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.