Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq

Tramp: Pekinlə ticarət razılaşması Çini ABŞ biznesinə açacaq

ABŞ Prezidenti Donald Tramp, İsveçrədə keçirilən görüşlərin nəticəsi olaraq Vaşinqton və Pekin arasında əldə olunan ticarət-iqtisadi razılaşmaların Amerika biznesi üçün Çin bazarını açacağına ümid etdiyini bildirib. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Tramp, Ər-Riyada uçan təyyarədə jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, Çin ilə əldə olunan razılaşma çox uğurludur:
“Müqavilənin ən yaxşı tərəfi odur ki, Çin ABŞ biznesinə açıq olacaq. Bu, tamamilə yeni bir dünya yaradacaq. Düşünürəm ki, bu, Çin üçün də faydalı olacaq. Ümid edirəm ki, bu müqavilə yerinə yetiriləcək.”

ABŞ Prezidenti əlavə edib ki, lazım gəldiyi halda Çin Sədri Si Cinpin ilə sazişin detallarını müzakirə etməyə hazırdır, lakin belə bir ehtiyacın yaranacağına əmin deyil:
“Bəli, güman edirəm. Amma bunun lazım olacağına əmin deyiləm.”

Daha əvvəl Donald Tramp İsveçrədə Çinlə əldə olunan razılaşmanı mühüm irəliləyiş adlandırıb. Lakin eyni zamanda vurğulayıb ki, sazişin bəzi detalları hələ də razılaşdırılmayıb.