Donald Tramp: Daha çox ölkə İsraillə “İbrahim Sazişləri” çərçivəsində münasibətləri normallaşdıracaq
ABŞ Prezidenti Donald Tramp, Yaxın Şərqdə daha çox ölkənin İsraillə münasibətləri normallaşdıracağına ümid etdiyini bildirib. Bu barədə “Report” xarici KİV-ə istinadən məlumat yayıb.
Tramp bu fikrini Ər-Riyadda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa ilə görüşü zamanı səsləndirib. O qeyd edib ki, region ölkələrinin “İbrahim Sazişləri”nə qoşularaq İsraillə diplomatik əlaqələri bərpa etməsi regional sabitlik üçün mühüm addımdır.
“Regionda daha çox ölkə İsraillə münasibətlərin normallaşdırılması üçün “İbrahim Sazişləri”nə qoşulacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Əhməd Əş-Şaraanı İsraillə münasibətləri normallaşdırmağa və Suriyadakı xarici terrorçuları deportasiya etməyə çağırıb. Həmçinin, İŞİD-in dirçəlməsinin qarşısının alınmasında ABŞ-yə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.