Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Arasında Üçtərəfli Görüş Başa Çatdı
Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında keçirilən üçtərəfli görüş uğurla yekunlaşıb. Görüşdə regional əməkdaşlıq imkanları, ortaq maraqlar və gələcək perspektivlər müzakirə olunub.
Görüşü Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb. Tədbirdə Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaqan Kostanyan təmsil edib.
Görüşün əsas məqsədi üç ölkənin baxışlarını paylaşmaq, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaq və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi üçün zəmin yaratmaq olub.
Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, bu görüş mövcud əməkdaşlıq formatlarına alternativ deyil, əksinə, üç qonşu ölkə arasında konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq üçün əlavə bir platformadır.
Görüş zamanı regional əməkdaşlıq perspektivləri, sülh təşəbbüsləri və regionda davamlı sabitliyin təmin olunması yolları da müzakirə olunub. Gürcüstan tərəfi bir daha təsdiqləyib ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün öz təşəbbüslərini təqdim etməyə hazırdır.