Azərbaycanda qanunvericilik aktlarının süni intellektin anlayacağı formatda hazırlanması vacibdir. Milli Məclisin deputatı Tahir Mirkişili bugünkü plenar iclasda bu məsələyə toxunub və bildirib ki, hazırda süni intellekt mövcud qanunvericilik mətnlərini tam anlamır. Onun sözlərinə görə, hüquq, texniki və iqtisadiyyat sahələrində süni intellektin rolunun artması qanunvericilik aktlarının formatının dəyişdirilməsini zəruri edir.
Tahir Mirkişili, qanunların həm vətəndaşların, həm də süni intellektin başa düşə biləcəyi iki formatda hazırlanmasının vacibliyini vurğulayıb. O, Milli Məclisin bu sahədəki resursları və təcrübəsini nəzərə alaraq, bütün qanunvericilik aktlarının və gələcəkdə qəbul ediləcək qanunların iki formatda – həm təbii, həm də süni intellektin anlayacağı şəkildə hazırlanması üçün addımlar atılmasını təklif edib.