Azərbaycan Rusiyalıların İrandan Təxliyəsində Yardım Etdi — Rusiya XİN Təşəkkür Etdi
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda İranda olan rusiyalıların təxliyəsində göstərdiyi dəstəyə görə Azərbaycana rəsmi təşəkkürünü bildirib. Rusiya XİN-in yaydığı məlumatda vurğulanıb ki, Azərbaycan tərəfi İrandan Azərbaycana keçən rusiyalıların təhlükəsiz şəkildə daşınmasını, onların Bakıda yerləşdirilməsini və daha sonra Rusiyaya qaytarılmasını təmin edib. “Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, – deyə Rusiya XİN-in açıqlamasında qeyd olunub. Məlumata görə, iyunun 14-nə keçən gecə Rusiya Federasiyasının Tehran və Bakıdakı səfirliklərinin iştirakı ilə 86 nəfərdən ibarət ilk qrup Astara avtomobil buraxılış məntəqəsi vasitəsilə İran-Azərbaycan sərhədini keçib. Onların arasında iki uşaq da olub. Qeyd edək ki, təxliyə olunan qrup rusiyalı rejissor Fyodor Bondarçukun rəhbərlik etdiyi çəkiliş heyətindən ibarət idi. Onların arasında Rusiya vətəndaşları ilə yanaşı Belarus, Latviya, Serbiya, Özbəkistan və Tacikistan vətəndaşları da yer alıb. Bu hadisə Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığın və dostluq münasibətlərinin növbəti nümunəsi kimi qiymətləndirilir.