Kaliforniya Tramp administrasiyasını məhkəməyə verir – Qubernator Nyusomdan sərt etiraz
Kaliforniya qubernatoru Qevin Nyusom bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırılacaq. Bu qərar Trampın ştatın razılığı olmadan Kaliforniya Milli Qvardiyasını federallaşdırması ilə bağlı atılıb.
Bu barədə məlumatı “Report” MSNBC-yə istinadən yayıb. Müsahibəsində Nyusom bildirib:
“Donald Tramp bu axşam televizorda gördüyünüz şəraiti yaratdı. O, vəziyyəti daha da ağırlaşdırdı. Onun Milli Qvardiyaya rəhbərlik edəcəyini elan etməsi qanunsuz akt, konstitusiyaya və əxlaq qaydalarına zidd hərəkətdir.”
Qubernator Nyusom vurğulayıb ki, məhkəmədə Trampın bu addımı konstitusiyaya zidd hesab ediləcək və ştatın razılığı olmadan verilmiş qərarın hüquqi cəhətdən etibarsız sayılması tələb olunacaq.
Los-Ancelesdə vəziyyət gərgindir
Bunun fonunda Los-Anceles polisi bazar günü axşam şəhərin mərkəzini “qanunsuz yığıncaq yeri” elan edib və ən azı 56 nəfər həbs olunub. Bu addım, artan etiraz aksiyalarının qarşısını almaq məqsədilə atılıb.
Bu hadisələr fonunda ABŞ-da federal və ştat hakimiyyətləri arasında gərginlik daha da artır. Kaliforniya və Tramp administrasiyası arasında hüquqi qarşıdurma, ölkədə siyasi vəziyyətin nə qədər həssas olduğunu göstərir.