Ötən il Türkiyə avtobus ixracından 1,5 mlrd. dollar əldə edib

Ötən il Türkiyə avtobus ixracından 1,5 mlrd. dollar əldə edib

2020-ci ildə Türkiyədən avtobus və mikroavtobus ixracı təxminən 1,522 mlrd. ABŞ dolları təşkil edib.

Birmillet.az saytı “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə “Uludağ” Türk Avtomobil İxracatçıları Birliyi məlumat yayıb.

Qeyd olunur ki, ötən il Türkiyə 99 ölkəyə avtobus, mikroavtobus və midibus ixrac edib.

Sifarişlərin əsasən Avropadan olduğu bildirilir. Belə ki, ilk üç idxalçı ölkə sırasında Fransa (286,772 mln. dollar), Almaniya (264,758 mln. dollar) və İtaliya (131,927 mln. dollar) yer alıb. Türkiyə istehsalı olan avtobus, mikroavtobus və midibus ixracının 44,91%-i bu ölkələrin payına düşüb.

Həmçinin, ötən il bu nəqliyyat növlərinin Türkiyədən Mərakeş və Gürcüstana da ixracı xeyli artıb. Belə ki, Mərakeşə tədarük 66% (75,293 mln. dollar), Gürcüstana isə 96% (51,977 mln. dollar) artıb.

Türkiyədən Səudiyyə Ərəbistanına avtobus, mikroavtobus və midibus ixracı 6,414 mln. dollardan 22,370 mln. dollara, Misirə isə 164 min dollardan 13,648 mln. dollaradək artıb.

Qeyd edək ki, 2020-ci ildə Liviya, Ruanda, Uruqvay, Madaqaskar, Konqo, Malayziya və Qvineya kimi ölkələr də Türkiyədən mikroavtobus və midibus idxal edən ölkələr sırasına daxil olub.