İraqın şimalında metan qazı faciəsi: Şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə çatdı
İraqın şimalında aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənmə nəticəsində şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə yüksəlib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, faciə İraqın şimalında yerləşən mağarada baş verib. Əməliyyat zamanı zəhərlənən 19 hərbçidən 12-si həyatını itirib.
Nazirlikdən verilən açıqlamaya əsasən, Milli müdafiə naziri Yaşar Gülər şəhidlərin vida mərasimlərində iştirak etmək və bölgədə yoxlamalar aparmaq üçün nümayəndə heyəti ilə birlikdə hadisə yerinə səfər edib.
Başsağlığı mesajı
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, faciə ilə bağlı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı məktubu ünvanlayıb. Başsağlığında şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı ifadə olunub.












































