Asiya Əsri və Dinc Asiya: Növbəti 25 İl Həlledici Olacaq
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində çıxış edərək, növbəti 25 ilin Asiya əsrini reallaşdırmaq və dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacağını bildirib.
Onun sözlərinə görə, çoxqütblülük bütün ölkələr üçün yeni imkanlar yaratsa da, qeyri-sabitliyə də səbəb ola bilər.
“Böyük güclər arasındakı rəqabət, müharibələr, təbii fəlakətlər və beynəlxalq münasibətlər sistemindəki böhranlar qlobal qeyri-müəyyənliyi artırır. Buna baxmayaraq, çoxqütblü dünya nizamı ədalətli fürsətlər yaratmalıdır,” – deyə Puan Maharani vurğulayıb.
O, həmçinin parlament diplomatiyasının ədalətli sülhün bərqərar olmasına töhfə verməli olduğunu qeyd edib:
“Ukraynada və dünyanın digər bölgələrində müharibələrin dayandırılması, Qəzzada humanitar yardımın təmin edilməsi üçün səylərimizi artırmalıyıq. Asiya güclənərək bu qeyri-müəyyənlikləri aşmalıdır.”