Azərbaycanlı Boks Hakimləri Beynəlxalq Arenada 3 Ulduzlu Kateqoriyaya Yüksəldilər
Azərbaycan boks hakimləri beynəlxalq arenada növbəti uğura imza atıblar. Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq hakimlik kateqoriyası 2 ulduzdan 3 ulduza yüksəldilib.
Bu barədə “Report” məlumat yayıb. Rövşən Qədirov və Qalib Əbiyev bu uğuru Rumıniyanın Breila şəhərində keçirilən “Drakula Open” beynəlxalq turnirində, Anar Nağdıyev isə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan “Strandja” turnirində əldə ediblər.
Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən təşkil edilən tədbirlərdə iştirak edən azərbaycanlı hakimlər nəzəri və praktiki dərslərdə uğurla iştirak edərək imtahanlardan keçib və 3 ulduzlu beynəlxalq hakim statusunu qazanıblar.
Bu nailiyyətlə Azərbaycanın 3 ulduzlu hakimlərinin sayı 6-ya çatıb. Daha əvvəl bu statusu Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov əldə etmişdi.
Azərbaycan Boks Federasiyası yerli və beynəlxalq kateqoriyaya malik hakimlərin peşəkarlığının artırılması və sayının çoxaldılması istiqamətində fəaliyyətini davam etdirir.