Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edirlər

Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edirlər

Azərbaycan müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov Qazaxıstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb .

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın tarixi köklərə malik qardaşlıq münasibətlərinə əsaslandığını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Şeyx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi məqsədilə bu cür görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib və birgə təlimlərin hərbi personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və hər iki ölkənin ordusunun daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.