Viza Üçün Müraciət Edən Şəxsin Pasportu İtərsə, Səfirlik Dəstək Göstərir
Almaniyanın Azərbaycandakı səfirliyi viza üçün müraciət edən şəxsin pasportunun itirilməsi halında mümkün dəstək göstərildiyini açıqlayıb.
“Report”un sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, belə hallar nadir olsa da, tam istisna edilmir və baş verdikdə pasport sahibinə lazımi dəstək təmin olunur.
Qeyd edək ki, Pəri Abbaslı adlı vətəndaş sosial mediada pasportunun Almaniya səfirliyində itirildiyini paylaşmışdı. O, sənədinin yanvarın 16-da itdiyini və yalnız yanvarın 26-da bu barədə məlumat aldığını bildirib. Bundan əlavə, hadisə səbəbilə maddi ziyana uğradığını, lakin səfirlik tərəfindən ona heç bir kompensasiya ödənilmədiyini qeyd edib.
Səfirlik isə Azərbaycandan Almaniyaya səyahət üçün böyük marağın olduğunu vurğulayaraq, bütün viza müraciətlərinin maksimum diqqətlə işlənildiyini qeyd edib. Eyni zamanda, bu kimi fərdi hallarda vətəndaşlara dəstək göstərildiyini bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə açıqlamasında bildirib ki, vətəndaş XİN-ə rəsmi müraciət etdiyi halda məsələ aidiyyəti üzrə araşdırıla bilər.