Şamil Ayrım: “Prezident İlham Əliyev güclü liderlik nümayiş etdirir” – MÜSAHİBƏ

Şamil Ayrım: “Prezident İlham Əliyev güclü liderlik nümayiş etdirir” – MÜSAHİBƏ

“Prezident İlham Əliyev güclü liderlik nümayiş etdirir”

Birmillet.az saytı bildirir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın APA-ya müsahibəsində qeyd edib.

Şamil Ayrımın APA-ya müsahibəsi:

– Şamil bəy, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq ölkələrimiz arasında yaxın münasibətlər hər zaman başqalarına örnək kimi göstərilir. Elə ilk olaraq bu barədə danışmağınızı istərdim…

– Biz eyni kökdənik, adət-ənənələrimiz bir, dinimiz bir, dilimiz birdir. Biz azərbaycanlıları da sevməyib kimi sevəcəyik?

Sovet dövründə müstəqil Azərbaycanın qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyi fəaliyyət göstərirdi. Yeri gəlmişkən, biz Oğuz türklərinin Ayrım boyundanıq. Babalarım 100 illər öncə Türkiyənin şərqinə köç edib. Ata-babalarımın kökü Gədəbəydəndir, anam əslən Şuşadandır. Həyat yoldaşım Gül xanımın atası əslən şuşalı, anası isə gəncəlidir. Ona görə də Şuşanın işğaldan azad edilməsi, bu zəfər xəbəri ailəmizdə ikiqat bayram ovqatı yaşatdı.

Mənim atam, dayılarım – Aküzümlər də Azərbaycan Kültür Dərnəyinə üzv olublar. Fevzi Aküzüm uzun illər bu dərnəyə rəhbərlik edib. İlham Aküzüm  Türkiyədə yeganə azərbaycanlı nazir olaraq uzun müddət mədəniyyət və idman naziri kimi fəaliyyət göstərib.

Yəni Türkiyə ilə Azərbaycanın 70 il biri-birindən ayrı qaldığı zamanlarda belə bu bağ qopmadı, davam etdi.

Digər bir önəmli məsələ  odur ki, bugünkü Türkiyə və Azərbaycan rəhbərliyinin çox yüksək səviyyədə əməkdaşlığı var. Doğrudur, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bir ara münasibətlərdə soyuqluq oldu. 2010-cu ildən sonra Ermənistanla sərhədlərin açılması-filan gündəmə gəlmişdi. Sonra cənab Rəcəb Tayyib Ərdoğanın birbaşa müdaxiləsi nəticəsində münasibətlər yenidən bərpa edildi. Azərbaycan parlamentində hörmətli Prezidentimiz türk milləti adına bir vəd verdi: Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsə, sərhədlərin açılmasından söhbət gedə bilməz dedi. Sonra bu iki qardaş ölkə arasında böyük layihələr həyata keçirildi. Bir çox önəmli neft-qaz layihələrinə start verildi. Hətta mərhum Heydər Əliyevin belə bir fikri də vardı: “Mən Azərbaycanla Türkiyə arasında elə bir bağ quracağam ki, kimsə bunu qopara bilməyəcək”. Həqiqətən bu bağ gün-gündən o qədər möhkəmlənir ki, dünyada heç bir qüvvə bunu qoparacaq gücdə deyil. Cənab Prezidentimiz müharibə başlayan ilk gündən dedi ki, biz hər cür şərtlərdə Azərbaycanın yanındayıq. Bu hər iki ölkənin xalqına, cəbhədə döyüşən əsgərlərə öz müsbət təsirini göstərdi. 

Biz parlamentdə 4 siyasi partiyanın iştirakı ilə Ermənistanı qınayan qərar qəbul etdik. Yalnız Xalqların Demokratik Partiyası (HDP) buna qoşulmadı. Amma səmimi deyim ki, HDP millət vəkilləri arasında çoxluq Azərbaycanı mübarizəsində haqlı sayır, amma partiyanın rəhbərliyinə görə səsini çıxarmır. Onlar arasında neçə millət vəkili Azərbaycana dəstək vermək arzusunu ifadə edib.

– Vətən Müharibəsində digər türk dövlətləri Azərbaycana yetərincə dəstək olmadı. Bunun səbəbini nədə görürsünüz?

– Müstəqil dövlət olmaq sadəcə o bayrağın dalğalanmasından ibarət deyil. Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz” dedi. Bu fikrin arxasında vətən sevgisi olan, milli kimliyini yetərincə bilən, yüksək mədəniyyətə, yüksək intellektə məxsus qürurlu bir xalq dayanmışdı. Azərbaycan 70 il kommunist rejiminin əsarətində qalanda belə milli kimliyini itirmədi. Nə qədər aydınlarını, ziyalısını qurban verdi, işgəncələrə, maneələrə məruz qaldıqca daha da mətinləşdi. Fikrimcə, Orta Asiya Türkləri arasında milli ruhun oyanışı prosesi Özbəkistanda daha irəlidədir. Səmərqəndə gedərkən mən bunu gördüm.

Amma Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstəyi, bu savaşdakı dəyanəti və diplomatik danışıqlarda da qələbəsi, Ermənistanın məğlubiyyəti Rusiyanı da Azərbaycanla hesablaşmağa məcbur etdi. Bu qələbə bütün türk dünyasına sirayət edəcək.

– Azərbaycanın zəfəri Türkiyəyə, regiona və dünyaya nə qazandıracaq?

– Bölgədə sülh və sabitlik olacaq. Türkiyə və Azərbaycan regionda daha da qüdrətlənəcək. İri layihələr, təhlükəsiz qaz nəqli Türkiyə üzərindən Avropaya çatacaq. 

Əgər Ermənistan bu proseslərdən sonra ağlını başına toplasa, şərtlərə əməl etsə, Türkiyə onlara sərhədlərini açar.

Təbii ki, bundan sonra da görüləcək çox işlərimiz var. Biz Türkiyə və Azərbaycan olaraq birlik ruhumuzu, həmrəyliyimizi, müqavimətimizi itirməməliyik. Çünki erməni lobbisi də çox güclüdür. Amma biz də dünyadakı inkişaf edən proseslərə uyğun hərəkət etməliyik.

Parlamentdə İnsan Haqları Komissiyamız bir alt komitə yaratdı. Gəncədə, Bərdədə dinc əhalinin öldürülməsi ilə bağlı bu komitənin üzvü olan əməkdaşlarımız araşdırmalara başlayacaqlar. Türkiyə yerli və milli olan nə varsa, bütün məhsulları ilə Azərbaycanın əmrindədir. Bu gün Azərbaycan öz ölkəsinə hər şeyin ən yaxşısını idxal etməyə çalışır.

İlham Əliyev həm dövlət başçısı, həm də Ali Baş Komandan, öz güvəni olan, xalqın ona inamından qüdrət alan bir dövlət şəxsiyyəti olaraq bu prosesi ən doğru şəkildə idarə etməklə güclü bir liderlik nümayiş etdirir. O, 24 saat həm cəbhədən gələn xəbərləri nəzarətdə saxlamaqla, həm də diplomatik danışıqlarda qələbəsi ilə bunu sübut etdi. Əksər müxalifət partiyaları da ona dəstək verir.