İstanbul Universitetinin professoru Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

İstanbul Universitetinin professoru Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində 3 aylıq pedaqoji fəaliyyətə başlayıb.

Birmillet.azAZƏRTAC“a istinadən xəbər verir ki, universitetin kitabxanasında bununla bağlı keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Türkiyənin İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlığın inkişafından danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində həmin ali təhsil ocağının professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. O, turizm sahəsi üzrə bir neçə fənnin tədrisini həyata keçirəcək. Haluk Tanrıverdi həm özünün müəllifi olduğu, həm də digər yazarların qələmə aldığı turizm və iqtisadiyyat sahələrini əhatə edən 60-dan çox kitabı universitetə hədiyyə edib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və “Naxçıvan” Universitetinin dosenti Əli Cabbarov çıxış edərək muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən söhbət açıb, bu sahədəki kadr hazırlığından və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.

İstanbul Universitetinin professoru Haluk Tanrıverdi çıxışında “Naxçıvan” Universitetində turizm sahəsi üzrə kadr hazırlığının vəziyyətini yüksək qiymətləndirib, ali təhsil ocağında yaradılan əlverişli şərait nəticəsində 3 aylıq pedaqoji fəaliyyətin səmərə verəcəyinə əminliyini vurğulayıb.