“İnanıram ki, BANM çox tezliklə regionda söz sahibi olacaq” – Mehmet Karaca

“İnanıram ki, BANM çox tezliklə regionda söz sahibi olacaq” – Mehmet Karaca

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib və nəticədə BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Birmillet.az  “Məktəb Guşəsi” jurnalına istinadən İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karaca ilə müsahibəni təqdim edir:

– İlk olaraq Bakı haqqında təəssüratlarınızı bilmək istərdik…
– Bu, mənim Bakıya dördüncü səfərimdir. Hər dəfə gələndə Bakını çox fərqli rakurslardan kəşf edirəm. Bakı min illər əvvəl əsası qoyulmuş qədim şəhər abu-havası ilə müasirliyin hormoniyasını özündə sintez edir. Məhz bu cəhəti ilə Bakı məni təsirləndirir. Həmçinin şəhər geniş küçələri, mədəni və gülərüz insanları ilə göz oxşayır. Düşünürəm ki, Bakıya növbəti gəlişimdə də yenə fərqliliklərin şahidi olacam.

– İstanbul Texnik Universitetini uğurlu edən nədir? 
– İstanbul Texnik Universiteti təxminən 247 illik tarixə malik Türkiyənin ən qədim və mühəndislik sahəsində ən prestijli universitetlərindəndir. Burada ciddi bir universitet ənənəsi formalaşıb. İstanbul Texnik Universiteti yeni nəsil universitetlər üçün nümunə sayılacaq ali təhsil müəssisəsidir. Belə ki, bizim universitet dünya trendlərinə ən tez uyğunlaşan və yeniliklərə ən çox açıq universitetlər siyahısında ən qabaqcıl ali təhsil müəssisələrindəndir. İstanbul Texnik Universiteti  həm də Türkiyədə ciddi nüfuza sahib məzunların yetişdirilməsi ilə diqqət çəkir. Bizim məzunlar içərisində tanınmış şirkət rəhbərləri, Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış və Türkiyə xalqının vizyonunu formalaşdırmış liderlərdən Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan kimi nüfuzlu məzunlar var. Bundan əlavə, Türkiyədə tikinti podratçılarının yetişdirilməsində bizim universitet mühüm rol oynayır: 10 podratçıdan 8-i bizim məzunların payına düşür.

– Bakı Ali Neft Məktəbində təhsil üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?
– Öncə onu deyim ki, Ali Məktəbinizdə olmaqdan qürur və şərəf duyuram. Başda rektor Elmar Qasımov olmaqla, bizi qarşılayan bütün əməkdaşlarınızın qonaqpərvərliyindən çox məmnun qaldım. Buna görə rəhbərliyiniz başda olmaqla, bütün heyətə təşəkkür edirəm.

Onu xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbi 8 ildə inanılmaz dərəcədə inkişaf edib, bir ali təhsil müəssisəsinin qazana biləcəyi uğurları çox qısa zamanda əldə edə bilib. Ən əsası, Ali Məktəb komandası ilə məni çox təsirləndirdi.

Komandada olan insanlar qlobal düşüncəyə, vizyona sahibdir. Başda rektor olmaqla, bütün heyətin gözündə gələcəyə dair işıq gördüm, onların yeniliklər və inkişaf üçün açıq və həvəsli olduqlarını hiss etdim. Ali Məktəbin qoyduğu hədəflər və gözləntilər də böyükdür. Düşünürəm ki, komandadakı insanlar bu enerji ilə qoyulmuş hədəflərə də çatacaqlar. BANM  Azərbaycanın dünya standartlarına cavab verən, gələcəyin mühəndislərinin yetişdirilməsində ölkə təhsilində ciddi rol oynayır. İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda də söz sahibi olacaq.

– İstanbul Texnik Universiteti Bakı Ali Neft Məktəbi ilə hansı istiqamətdə əməkdaşlıq edəcək? 

– Təbii ki, əməkdaşlığımızın əsas ana xətti mühəndislik sahəsində olacaq. Bundan əlavə, bilgi texnologiyaları, süni zəka ilə bağlı işlər də planlaşdırılır. Hələlik üç istiqamət müəyyən etmişik.

İlk istiqamət olaraq Bakı Ali Neft Məktəbində Kompüter mühəndisliyi ixtisasını formalaşdırmaq və onun icrası ilə bağlı bütün detallar üzərində işləməyi düşünürük.

İkinci istiqamət kimi ortaq layihələr, birgə fəaliyyət imkanları, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

Üçüncü istiqamət odur ki, BANM-də Texnoparkla bağlı Startap Mərkəzi qurmağı hədəfləyirik.