“Ərdoğan onun telefon zənglərinə cavab vermir…” – Ekspert Elxan Şahinoğlu

“Ərdoğan onun telefon zənglərinə cavab vermir…” – Ekspert Elxan Şahinoğlu
“Azərbaycan artıq Fransının vasitəçiliyini qəbul etmir və onun ermənipərəst mövqeyini haqlı olaraq tənqid edir”. 
Birmillet.az saytı bildirir ki, bunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığını şərh edərkən deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iki əsas dövlət iştirak edir – Rusiya və Türkiyə:
“Fransa hərəkət edən qatarın arxasınca qaçmağa çalışır. Demək istəyir ki, Cənubi Qafqazda mən də varam. Fransa rəsmilərinin Türkiyəyə qarşı çox böyük nifrəti var. Onlar Türkiyənin prosesdə olmasından çox narahatdılar. Onların isə bir rolu yoxdur. Ona görə yoxdur ki, son bir ildə ermənilərin mövqeyini dəstəklədilər, müharibə vaxtı da onların dediklərini təkrarladılar. Müharibədən sonra da ermənilərin lehinə açıqlamalar verdilər, mənasız qərarlar çıxardılar. Belə olan halda Azərbaycan Fransanın vasitəçiliyini qəbul edə bilməz. Odur ki, Rusiya ilə əlaqə saxlayırlar. Bilirlər ki, Rusiyanın prosesə təsir imkanları böyükdür. Makron görüntü yaradır ki, guya Rusiya Qarabağ məsələsində onunla məsləhətləşir. Əslində onu heç kim diqqətə almır. Nə olsun ki, Putin onunla telefon əlaqəsi saxlayıb, Rəcəb Tayyib Ərdoğan onun telefon zənglərinə cavab vermir”.
Politoloq Fransanın Cənubi Qafqazda heç bir rolu olmadığını vurğulayıb:
“Çünki Fransa tərəf tutdu və Azərbaycanın diqqətini itirdi. Müharibəyə kimi münasibətlərimiz normal idi. Amma onların özləri bu münasibətlərin üstündən yekə bir xətt çəkdilər”.
Qeyd edək ki, Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. Hər iki prezident  Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı müzakirə edib.